BAKI, 9 may. TELEQRAF

Goranboy rayonunda qonşular arasında mübahisə cinayətə səbəb olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən il aprelin 3-də rayonun qəsəbələrindən birində baş verib.

1972-ci il təvəllüdlü Nağı saat 16 radələrində ədavətləri olan Nərimana (adlar şərtidir – red.) məxsus 3 baş iribuynuzlu heyvanın onun torpaq sahəsinə keçdiyini görüb.

Heyvanları daşla vuraraq torpaq sahəsindən çıxaranda Nərimanla mübahisə edib və ona xəsarətlər yetirib.

Nağının barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Nağı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş Nərimanla münasibəti yaxşı olmayıb: “Təxminən 2 ildir küsülüyük. Hadisə günü təxminən saat 16 radələrində qəsəbədə olan torpaq sahəsinə getdim. Nərimana məxsus 3 baş iri buynuzlu heyvanı torpağımda gördüm, onları oradan çıxardım.

Yolla gedəndə uzaqdan Nərimanın məni çağırdığını eşitdim. Ona tərəf baxanda ünvanıma nalayiq ifadələr işlədərək məni təhqir etməyə başladı.

Nərimana tərəf getdim, çatmağıma 8-10 metr qalmış o, yerdən iki daş götürərək mənə tərəf atdı. Daşın biri sol qolima, digəri isə başıma dəydi, yerə yıxıldım”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Nəriman ona yaxınlaşıb və əlində olan ağac parçası ilə kürək nahiyəsinə vuraraq ona xəsarət yetirib: “Nərimanı itələyib ayağa qalxdım. Əlimi başıma vuranda qan gəldiyini gördüm. Nəriman da qanı görərək getdi”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra yaşadığı evə gedib: “Həyat yoldaşım və qızım nə baş verdiyini soruşdular. Onlara Nərimanın məni döydüyünü bildirdim”.

Nağının sözlərinə görə, Nəriman əlindəki ağacla onu döyüb: “Mən də ağacla onu vurmuşam. Onun iti olmayıb, itini tüfənglə güllələyərək öldürməmişəm. Nərimanı güllələmək istəməmişəm, dedikləri yalandır, mənə şər-böhtan atır.

Mənim sənədli ov tüfəngim var. Hadisə vaxtı yanımızda heç kim olmayıb. Etdiyim əməldən peşmanam. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı tamamilə ödəmişəm”.

İş üzrə zərərçəkmiş Nərimanın sözlərinə görə, təxminən 10 ildir Nağı ilə küsülüdür: "Hadisədən əvvəlki vaxtlarda Nağı itimi tüfəngi ilə güllələrək öldürdü. Amma ondan şikayət etmədim. Məlum hadisə günü, təxminən saat 16 radələrində iri buynuzlu heyvanlarımı gətirmək üçün getdim. 3 baş iri buynuzlu heyvanın onun torpaq sahəsində olduğunu, daşla onları vuraraq çıxardığını gördüm.

Ona heyvanlarımı vurmamasını dedim. Nalayiq ifadələr işlədə-işlədə mənə tərəf gəldi, əlində olan ağac parçası ilə sol qoluma və bədənimin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdu”.

Nərimanın ifadəsinə görə, həmin zaman Nağını söyüb təhqir etməyib: “Mən özümü müdafiə etmişəm. Qolu sınmış vəziyyətdə necə onu vuraraq xəsarət yetirə bilərdim?”

Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıq əldə edib, zərərçəkən də ona qarşı şikayətini geri götürüb.

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, bundan əvvəl işdə adı keçən zərərçəkmiş Nəriman ayrıca icraatda təqsirləndirilən şəxs qismində mühakimə edilib. Həmin hökmdə qeyd olunub ki, iş üzrə zərərçəkmiş 1955-ci il təvəllüdlü Nağıdır.

Nərimanın barəsində olan cinayət işinə də Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməməsi, 3 aprel 2025-ci ildə zərərçəkmiş şəxsin daş və əlindəki ağac parçası ilə onun vurmaması ilə bağlı ifadəsinə tənqidi yanaşıb, həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə Nəriman 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Goranboy rayonunun qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub.

Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün cəzaya aid hissədə dəyişdirilərək məhkum barəsində islah işləri cəzası seçilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzanın şərti hesab edilməsini xahiş edib.

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri şikayəti təmin etməyiblər.

Lakin Goranboy Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 5.3-cü maddələri tətbiq edilib, ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.