BAKI, 4 may. TELEQRAF

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində tərəf olduğu icra sənədlərinin icrasını təmin etməyib, icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.

Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13735 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilib.

Bundan başqa, həmin il universitet rəhbərliyinə qarşı daha iddia qaldırılıb. Belə ki, iddia ərizələrinin birində 11200 manat pul, mənəvi ziyana görə 200 manat və 153.60 manat dövlət rüsumu, digər iddia ərizəsi üzrə isə 13.650 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.

Borclu Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilib və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1200 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Rəhim Hüseynov Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri olub. O, 1992-1993-cü illərdə səhiyyə naziri olub. Ehtiyatda olan tibbi xidmət polkovnikdir.

Həmin universitetin rektoru İmişli rayon sakini Müşfiq Atakişiyev olub. O, "Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.

İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb.

Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyananətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.

Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi. Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.

Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.