BAKI, 22 yanvar. TELEQRAF
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 11671 müraciətinə baxılıb.
Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Məlumata görə, bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin edilib.