BAKI, 19 yanvar. TELEQRAF
Rusiyada yaşayan azərbaycanlı ailə 2024-cü ildə vəfat edən oğullarının ölümündən şübhə edirlər.
Teleqraf-ın məlumatına görə, bununla bağlı azərbaycanlı cütlük Mütəllim İmanov və Fərqiyyə Hümmətova Novosibirsk müstəntiqlərindən mərhum oğullarının cəsədini çıxarmaq üçün icazə istəyirlər.
Belə ki, 2024-cü ilin yanvarında ailənin 25 yaşlı oğlu Emil İmanov işlədiyi avtomobil təmiri qarajında ölüb. Onun ölümünə səbəb dəm qazından boğulması göstərilib.
Hadisə günü Emildən xəbər ala bilməyən valideynləri onun işlədiyi qaraja yollanıb və yerdə 25 yaşlı gəncin meyitini tapıblar. Hadisə yerinə təcili tibbi yardım briqradası çağırılsa da, artıq gec olub.
Mütəllim İmanovun sözlərinə görə, ona vaxtilə müstəqil ekspertizadan keçmək məsləhət görülsə də, o, həmin vaxt buna məhəl qoymayıb.
Dəfn mərasimindən sonra isə Mütəllim və Fərqiyyə yaxın dostlarından oğullarının qətlə yetirilməsi ilə bağlı şayiələr eşitməyə başlayıblar. İddialara görə, Emilin nahar etdiyi bufetdə yeməyinə zəhər qatılıb, öldükdən sonra isə meyiti qaraja atılıb.
Cütlüyün arqumentləri Emil İmanovun ölümü ilə bağlı ilkin araşdırma aparan Novosibirsk müstəntiqlərini heyrətləndirə bilməyib. Bununla belə, cinayət işinin açılmasından imtina qərarında mərhum gəncin valideynləri qəfildən ifadələrində əhəmiyyətli uyğunsuzluqlar görüblər.
2024-cü ilin may ayında Mütəllim İmanov və Fərqiyyə Hümmətova Novosibirskdəki mənzillərini və bizneslərini tərk edərək başqa şəhərə köçüblər. Cütlük indi Novosibirskə ara-sıra baş çəkir, iddialarını sübut etməyə çalışırlar.