BAKI, 31 dekabr. TELEQRAF

Sabirabad rayonunda qadını təhqir edən 29 yaşlı oğlan məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

Kənd ərazisində 1996-cı il təvəllüdlü Əhməd Bağırov (ad-soyad şərti verilib – red.) ucadan nalayiq ifadələr işlədib, polisin qanuni tələblərinə tabe olmayıb.

Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Bağırov bildirib ki, yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşıb və Cəmilə adlı qadının onu təhqir etməsi ilə bağlı şikayət etdiyini bildirib: “Məni şöbəyə dəvət etdilər. İçkili olduğumdan Cəmiləni telefonda təhqir etdiyimi bildirdim və şöbəyə getmək istəmədim. Polis əməkdaşları məndən təkidlə şöbəyə getməyimi tələb etdikdə isə əsəbimdən Cəmilənin ünvanına nalayiq ifadələr işlətməyə başladım. Onun məni zibilə saldığını dedim”.

Əhməd Bağırovun sözlərinə görə, onu şöbəyə gətiriblər. Özünü təqsirli bildiyini deyən Bağırov qeyd edib ki, əməlindən peşmandır, himayəsində 2 azyaşlı övladı, xəstə valideynləri var. O, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu deyib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Bağırov 200 manat məbləğində cərimə edilib. Onun inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 100 manat məbləğində cərimə tənbehi saxlanılıb.