CƏLİLABAD, 13 noyabr. TELEQRAF
Cəlilabadın Göytəpə qəsəbəsində 9 il əvvəl baş verən müəmmalı itkinlik hadisəsinin detalları üzə çıxıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hərbi xidmətdən qayıdan qonşularının qonaqlığından evə dönərkən yoxa çıxan Göytəpə sakini Xəyalə Xəlilovanın nəşinin qalıqları bu gün qəsəbə ərazisində yerləşən istifadəsiz tikilidən aşkarlanıb.
Mərhumun anası bildirib ki, Xəyalə həmin şəxs tərəfindən əvvəllər də hücuma məruz qaldığını ona danışıb:
“Bağça tərəfdə işləyirdim onda. Ordan bəri mənə tərəf gələndə onu orada yolda tutubmuş. Deyirdi: "Mama, əlindən çıxıb qaçdım"".
Hadisəni törətməkdə şübhəli bilinən Göytəpə şəhər sakini Elnur Eynullayev saxlanılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.
.jpg)
***
BAKI, 13 noyabr. TELEQRAF
15:17
Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Hacı Zeynalov