GƏNCƏ, 25 oktyabr. TELEQRAF

Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, işə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.

Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb.

Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesində Z.Qəhrəmanovu 9 vəkil müdafiə edib.

****

18:42

Xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov bu saatlarda Gəncə şəhər Məhkəməsinə gətirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Z. Qəhrəmanovun hüquqlarını üç vəkil qoruyur. O, oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Gəncədə avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi və müvəkkilinə qarşı dələduzluq etməsi iddia olunur.