BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə Xəqani Ömərovun vəkili müvəkkili barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

Vəkil bildirib ki, Xəqani Ömərovun Suriyaya pul göndərməkdə məqsədi terrorun maliyyələşdirilməsi yox, müəyyən adamlara maliyyə yardımı etmək olub.

Məhkəmə əsassız olduğu üçün vəkilin vəsatətini təmin etməyib. Proses şahidlərin ifadələri ilə davam edib.

Növbəti proses oktyabrın 28-də davam edəcək.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev "İŞİD"in tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikası ərazisində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulub, Suriya silahlılarına qarşı döyüşüblər. Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsində və digər cinayətlərdə iştirak ediblər.

İmkanı aşağı olan şəxslərə sədəqə toplamaq adı ilə pul yığıblar. Topladıqları pulları mütəşəkkil dəstənin digər üzvlərinə verməklə terrorçuluğun maliyyələşdirilməsinə yönələn hərəkətlər ediblər.

Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onlar 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.