BAKI, 1 oktyabr. TELEQRAF

Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov saxlanılıblar.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, və E.İsmayılov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.