BAKI, 01 oktyabr. TELEQRAF

ABŞ-də yarım əsrdən çox müəmmalı qalan qətl hadisəsinin üstü açılıb.

Teleqraf xəbər verir ki, polis 21 yaşlı Canet Kuturun qatilini müəyyən edib.

Hadisə 1972-ci il oktyabrın 13-də baş verib. Pəncərədən evə daxil olan cinayətkar qıza bıçaqla hücum edib. Cinayəti törədən kişi hadisə yerindən qaçıb.

50 il əvvəl baş vermiş bu cinayətin üstünü yalnız indi açmaq mümkün olub. Qatilin 77 yaşlı Corc Lecerin olduğu müəyyən edilib.

Şübhəli şəxs hələ 1972-ci ildə istintaqa məlum olsa da, sübutların çatışmazlığı səbəbindən ona qarşı ittiham irəli sürmək mümkün olmayıb. 1984-cü ildə baş vermiş qadın oğurluğu ilə bağlı araşdırmada əldə olunan irəliləyiş cinayət işinin 2021-ci ildə yenidən istintaqa qaytarılması ilə nəticələnib.

İstintaq 1960-cı illərdə oxşar dəst-xətlə törədilmiş bir sıra açılmamış cinayətləri müəyyən edib ki, nəticədə detektivlər Lecerə qarşı çatışmayan dəlilləri əldə ediblər. O, başqa bir cinayətə görə 25 il müddətinə həbs cəzası çəkdiyi Makduqol-Uoker həbsxanasında təkrar həbs edilib.

Polis qatilin həbsinin Kutur ailəsinə rahatlıq gətirəcəyinə ümid edir.