BAKI, 29 iyul. TELEQRAF

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərlinin barəsində xüsusi ittiham qaydasında olan cinayət işi üzrə məhkəmə proses keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrlik etdiyi prosesdə hökm elan edilib.

F.Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, F. Cəfərlinin barəsində vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında şikayət edib.

O, hüquq müdafiəçisinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edirdi.

Qeyd edək ki, F. Cəfərli “Facebook” səhifəsində vaxtilə Elvin Əliyevin müvəkkili olmuş Elvin Allahverdiyevin onunla bağlı şikayətini yayımlayıb. Həmin məlumatda iddia olunub ki, guya vəkil E. Allahverdiyevin ailə üzvlərini aldadıb, onların 10500 manat pullarını alıb.

E. Əliyev Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvüdür.