AĞDƏRƏ, 10 iyul. TELEQRAF
Ağdərə rayonunun Həsənqaya kəndində minaya düşən Qulu Quliyevin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın yerli bürosuna verilən məlumata görə, 10.07.2025-ci il tarixində saat 08:30 radələrində 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
*****
10:08
Ağdərədə çobanın minaya düşərək xəsarət almasının bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, minaya düşərək xəsarət alan Qulu Quliyev əslən kəlbəcərlidir.
O, 30 ildən çoxdur ki, Ağdərə rayonun Şıxarx kəndində məskunlaşıb. Q.Quliyev uzun müddətdir Həsənqaya kəndi ərazisində mal-qara saxlamaqla məşğul olur. Ötən gün heyvanlarını axtararkən səhvən minalı əraziyə keçib.
Qeyd edək ki, Şıxarx və Həsənqaya kəndləri 1993-cü ildə erməni işğalından azad edilib. İşğal dövründə bu kəndlərin əraziləri uzun illər qoşunların təmas xətti olub.
***
09:40
Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib, qanaxma prosesi dayandırılıb. Daha sonra sol ayağın topuq nahiyəsindən ambutasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hazırda yaralı Q.Quliyev əməliyyat masasına götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
09:31
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
Qeyd olunub ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
09:09
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayonu, Şıxarx kənd sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Ağdərə rayonunun Həsənqaya ərazisində heyvan otararkən minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.