BAKI, 21 may. TELEQRAF

Sabirabad rayonunda 37 yaşlı kişinin onlayn mərc oyunları təşkil etdiyi müəyyən olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1988-ci il təvəllüdlü rayon sakini Amil Vəliyev (ad-soyad şərti verilib – red.) saxlanılıb.

Məlum olub ki, o, özünə məxsus mobil telefon vasitəsilə “Pin-Up” adlı onlayn mərc oyunlarından istifadə edib, qumar oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Amil Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, özünə məxsus telefon vasitəsilə “Pin-Up” adlı və digər onlayn mərc oyunları oynasa da, hər hansı gəlir, yəni uduş əldə etmək niyyəti ilə yox, ödəniş etmədən məhz əyləncə məqsədilə oynayıb.

Qeyd edib ki, ilkin təhqiqat zamanı o, “Pin-Up” mərc oyununu pul qazamaq niyyəti ilə ödəniş etməklə qumar oynamasını etiraf etməyib və bu cür izahat verməyib.

Sabirabad Rayon Polis Şöbəsində toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, inzibati xəta haqqında protokola əsasən Amil Vəliyevin əməllərində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən edilib. Həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunub və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Bundan başqa, qumar oyunları ilə bağlı daha bir fakt Bakının Qaradağ rayonunda müəyyən edilib. Bakı sakini Nizam Babayev rayon ərazisində olan çay evlərindən birində “OKEY” oyununu bir manatdan oynayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar oxunub. Qərara görə, təqsirli bilinən şəxsin İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılıb.