BAKI, 14 may. TELEQRAF

Bakının Xətai rayonunda 26 yaşlı oğlan xırda xuliqanlıq etdiyi üçün həbs olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 10-da, gecə saat 02:30-da Xətai rayonunun Gəncə prospektində baş verib.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Pənah Məmmədov (ad-soyad şərtidir – red.) “Sabeer” adlı restoranın qarşısında münaqişə yaradıb.

Daha sonra o, 35-ci polis bölməsinə gətirilib. Gətirilən zaman həmin şəxs spirtli içkinin təsiri altında polis əməkdaşlarına müqavimət göstərib, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib.

İş üzrə izahat verən Pənah Məmmədovun sözlərinə görə, restoranda dostları ilə birgə ad gününü qeyd edib, spirtli içki qəbul ediblər: “İlk dəfə spirtli içki qəbul etmişdim. Restorandan çıxdıqdan sonra mübahisə edən iki nəfərə müdaxilə etdim. Polis gəldikdə isə polisə digər şəxsləri aparmamağı söylədim. Spirtli içkinin təsirində olduğum üçün bir çox hadisəni xatırlamıram”.

Həmçinin o, müharibə veteranı olduğunu və təltif edildiyini bildirib. O bildirib ki, törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Pənah Məmmədov 10 gün müddətinə həbs edilib.