Bakının Nəsimi rayonu ərazisində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhd etməkdə, silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə Şahmar İsmayılov son söz deyib.

O bildirib ki, Nicat Əkbərovu öldürmək niyyəti olmayıb. Onda silah olub, əgər öldürmək niyyəti olsaydı başından vurardı. O, barəsində ədalətli qərar çıxarılmasını istəyib: "Prokuror 14 il cəza istəyib. Bu, nə qədər ədalətlidir. Öldürmək istəsəydim, onu çağırmazdım. Mənə baxmadan güllələyərdim. Özümü qismən təqsirli bilmişəm. Hadisə yerində maşını ziyan görən var. Ziyan çəkənlərdən üzr istəyirəm.

Özümə haqq qazandırmıram. Şəhərin ortasında güllə atmışam. Amma bu qədər də olmaz. 28 yaşım var. Uzun müddətli həbsdə saxlanılmaqla islah olunmalıyam. 40 yaşında həbsdən çıxıb həyatımı necə quracam? Barəmdə ədalətli qərar çıxarılmasını istəyirəm ".

Digər təqsirləndirilən şəxs Vüqar Quliyev də işinə düzgün baxılmasını istəyib. O deyib ki, Nicat Əkbərovu tanımır, onu necə öldürə bilər: "Kimin kimlə nə düşmənçiliyi var, bilmirəm. Biz də bu işdə getmişik. Bir nöqtədən yapışıb, bizi haqsız çıxardılar. Bir insanın taleyi gedir.

Mən tələbə idim, gələcəyim var idi. Mən heç vaxt haram çörək yeməmişəm. Yazılar-pozurlar, düzgün yazsınlar. Düzgün qərar verilsin".

Təqsirləndirilən Ramal Məmmədov da son söz deyib. Daha sonra müşavirə keçirən hakimlər hökm oxuyublar.

Məhkəmənin hökmü ilə Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov 12 il müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.