İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə ekspertiza rəyləri açıqlanıb.
Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonunun Səraxanlı kəndindəki Uşaq bağçasına ayrılmış 5 min manatlıq avadanlıq təhvil verilməyib.
Bundan başqa, İmişli rayon Mənzil İstismar İdarəsinə, Rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.
Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edib və bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb: “Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə baxmayıb. Çox qəribə olsa da yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir.
Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb digərlərini də ona uyğun tərtib ediblər. 2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama zamanı obyektlər bir-bir araşdırılmayıb”.
Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.
Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq.
Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb: “Müvəkkilimin səhhətində ciddi problemlər var. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz”.
Hakim qeyd edib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır.
Vəkil Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problemin yarandğını da söyləyib: “Məhkəməyə gəlib-getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın”.
Növbəti prosesi iyunun 10-da davam edəcək.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.