İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Mirqayıb Sarıyev ifadə verib.
O qeyd edib ki, İmişli rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb: “Vilyam Hacıyevi başçı kimi tanımışam. Rayonun abadlaşdırılması üçün mütəmadi pullar yığılırdı. Mən də pul verirdim. Ümumilikdə 30 min pul vermişəm. Pulu Rəhim yığırdı. O gəlib deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib ki, pul yığılmalıdır, biz də verirdik. Hissə-hissə 30 min manat vermişəm”.
Şahid bildirib ki, həmin pullar idarənin büdcəsindən ayrılıb: “Həmin 30 min manat ümumi vəsaitdən ayrılırdı ki, işçilərə paltar, əlcək və digər avadanlıqlar alaq. Mən həmin pulu hissə-hissə çıxarıb verirdim Rəhimə. Nəticədə həmin əşyaları ala bilmirdik. Pulları ancaq Rəhim alırdı, deyirdi başçı tapşırıb. Vilyam Hacıyev heç vaxt məndən pul istəməyib”.
Digər şahid Əhəd Vəliyev isə deyib ki, İmişli rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir: “Gəlinimi uşaq bağçasına işə düzəltmək istəyirdim. Rayonun Muradlı kənd icra nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməlisən. Mən də verdim, gəlinimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150 manat verməklə 1500 manatı Adilə ödədim”.
Digər şahid Nəsimi Məmmədovun sözlərinə görə, rayonda təsərrüfatla məşğuldur: "2018-ci ildə icra hakimiyyətinə müraciət etdim ki, torpaq müqaviləsinin vaxtını artırsın. Vilyam Hacıyev məni bir nəfərə tapşırdı, həmin adamla görüşdüm. O adam dedi ki, pul vermək lazımdı, mən də verdim. Sonra icarə müddətini artırdılar".
Fuad Quluzadənin sözlərinə görə, rayonda təsərrüfatla məşğuldur: “Təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi lazım idi. İcra Hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, 8 min manat rüşvət verməlisən. Mən də həmin məbləği verib torpaq sahəsi aldım”.
Rəhim Rəhimov isə deyib ki, uzun müddət İmişli rayon İcra Hakimiyyətinin maliyyə idarəsinin rəisi işləyib: “Vilyam Hacıyev rayona başçı gələndən sonra böyük abadlıq işləri başlandı. Rayonda fəaliyyət göstərən şirkətlərə təklif olundu ki, ayrı-ayrı sahələri abadlaşdırsınlar. Görülən işlərin həcmi böyük olduğu üçün ayrı-ayrı şəxslərdən kömək istəmişik. Vilyam Hacıyev dedi ki, abadlıq işləri görən şirkətlərə borcu yaranıb. O vəsaitlərin bağlanması üçün vəsait yığmaq lazım idi. İclasda dedik və köməklik istədik. İdarə rəisləri yığışırdıq, kimin gücü nəyə çatırsa, yardım edirdik, pul yığırdıq”.
Pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsinə gəlincə isə Rəhim Rəhimov bildirib ki, o prosesdə iştirak etməyib: “Mən maliyyə idarəsinin rəisi işləmişəm. İdarələrin büdcəsi təsdiqlənirdi, təqdim edilirdi bizə, biz həmin sənədləri yoxlayıb vəsaiti ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul ayrılmırdı”.
Hakim bildirib ki, Rəhim Rəhimovun istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub.
Rəhim Rəhimov ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, "Nepal" MMC-yə tikinti abadlıq işləri üçün 183 min manat ayrılıb. Həmin pulun 70 min manatını şirkət rəhbəri nağdlaşdıraraq Rəhim Rəhimova verib. Rəhim isə həmin pulu Cəmil Musayevə verib.
Şahid təsdiqləyib ki, həmin məbləğ həqiqətən də Cəmil Musayevə verilib.
Vilyam Hacıyevin suallarını cavablandıran şahid bildirib ki, 13 il maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə o, bir dəfə də icra başçısına rüşvət verməyib.
Növbəti proses mayın 6-da davam edəcək.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.