Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digər şəxslər iş adamı Namil Rzayevə hədə-qorxu gəlməklə ondan 404 min 700 manat almaları müəyyən edilib.

Teleqraf.com-un xəbərinə görə, ibtidai istintaq zamanı bu epizod üzrə ifadə verən Mövlam Şıxəliyev bildirib ki, iş adamı Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifəsində işləyən zaman tanıyıb:

“Namil Rzayevi idarənin rəisi müavini Eldar Rzayevin yanına gəlib-gedən zaman görmüşəm. Bundan başqa, mənim 1997-ci ildən yaşadığım Nizami küçəsindəki evimin həyətində Namil Rzayevin ofisi olub. Arada bir Namil Rzayevlə həyətdə görüşmüşəm, onunla adi tanışlıq münasibətində olmuşuq. Başqa heç bir münasibət saxlalmamışıq. Aramızda heç vaxt düşmənçilik və ədavət olmayıb. Namil Rzayev mənə pul verməyib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Namil Rzayevin ifadəsinə görə, 2008-ci ilin oktyabr ayında istifadəsində olan mobil telefon nömrəsinə Vüsal adlı şəxs zəng edib və onu MTN-ə çağırıb: “Mən də həmin çağırışa əsasən MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alındım, tanımadığım bir əsgərin müşayiəti ilə xatırlamadığım mərtəbədə boş otağa aparıldım. 15-20 dəqiqədən sonra istintaq baş idarəsinin şöbə rəisi Vüsal Ələkbərov məni öz xidməti otağında qəbul etdi.

Vüsal Ələkbərov dedi ki, rəhbərliyin göstərişi var, səni həbs etməliyəm. Səbəb kimi isə “Texnikabank”a əmanət qoymağımı göstərdi. Banka əmanət qoymağımın hansı cinayət sayıldığını soruşdum. Vüsal cavabında dedi ki, mən bilmirəm, bu, rəhbərliyin göstərişidir, sən ya biz deyəni etməlisən, ya da biz səni həbs edəcəyik.

Vüsal daha sonra məni istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Mövlam bildirdi ki, siyahıda sənin də adın var, sən Zal Yusifovla əlbir olmusan, yüksək faizlər almısan. Eldar Mahmudovun göstərişi var, deyib ki, Namil Rzayevi yaxşı tanıyıram, 1.000.000 ABŞ dolları gətirsin, yoxsa onu da həbs etməliyik”.

Namil Rzayev qeyd edib ki, həmin gün axşama qədər MTN-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb: “Bir neçə gündən sonra Vüsal Ələkbərov mənə zəng vurdu və bildirdi ki, rəhbərlik razılaşıb, sənin xahişin nəzərə alınıb, 700.000 ABŞ dolları məbləğində pul gətir. Cavab olaraq o qədər pulumun olmadığını bildirdim. Həmin ərəfədə tanışlarım Hüseyn Səfərov və Nizami Kazımovun eyni ittihamla MTN tərəfindən həbs edildiyini öyrəndiyimdən, Vüsal Ələkbərov və Mövlam Şıxəliyevin hədə-qorxu ilə məndən pul tələb etmələrini nəzərə alıb pul toplamağa başladım.

Mövlam Şıxəliyevi uzun illər tanıdığımdan 2008-ci ilin noyabr ayının əvvəllərində ona zəng vurdum və görüşmək istədiyimi dedim. Mövlam Şıxəliyev görüşmək üçün razılaşdı. Mən də həmin gün axşam sürücüm Bədrəddin Sultanovla gedərək Mövlam Şıxəliyevin yaşadığı 28 May küçəsində onunla görüşdüm.

Özümlə rəngli sellofan torbaya bükülmüş 200.000 dolları ona verdim. O, pulu götürərək imkan daxilində mənə kömək göstərəcəyini bildirdi”.

Namil Rzayev bildirib ki, bundan 10-15 gün sonra Vüsal Ələkbərov ona yenidən zəng vurub: “Vüsal Ələkbərov bildirdi ki, rəhbərliyin göstərişi var, 300.000 dollar gətirməlisən, yoxsa səni həbs edəcəyik, get Xəqani küçəsində “Tahir” marketi keçən kimi dəftərxana ləvazimatları satılan mağaza var, oradan 250 manata qara rəngli dəri çanta var, onu al, pulu onun içinə yığ, üstünə də göy-göyərti al, qoy, MTN-ə gətir.

Həbs olunaqcağımdan qorxduğum üçün Səbail rayonu, Neftçilər prospektindəki evimi dəyər-dəyməzinə, yəni 320.000 manata satdım. Daha sonra həmin pulu dollara çevirdim. Vüsal Ələkbərovun dediyi çantanı alıb, 300.000 dolları həmin çantaya yığdım, üstünü də göy-göyərti ilə örtdüm.

2008-ci ilin noyabr ayının axırlarında dostum Hüseyn Mustafayev və sürücüm Bədrəddin Sultanovla birlikdə “Lexus” markalı maşınla MTN-nin inzibati binasının arxa tərəfinə getdim. Maşından tək düşərək çantanı məni gözləyən Vüsal Ələkbərova verdim”.

Namil Rzayev qeyd edib ki, MTN-in inzibati binasında Vüsal Ələkbərovun otağında olan zaman stolun üstündə Mövlam Şıxəliyevin şəkilini görüb: “Vüsaldan “bu kimdir” soruşdum. Vüsal dedi ki, bu bizim şefdir. Vüsala dedim ki, şefinə Namil Rzayevin onu görmək istədiyini dedim. Mövlam Şıxəliyev məni qəbul etdi. Mövlamdan nə məsələ olduğunu soruşdum. Mövlam “siyahıda adın var, şef (Eldar Mahmudov nəzərdə tutulur – red.) göstəriş verib, bəs sən də həbs olunmalısan, mən səni gör neçə ildir tanyıram” dedi.

Sonra Mövlam mənə bildirdi ki, Namil, otur mənim otağımda, gedim şefə məruzə edim, görək nə etmək olar.

Mövlam otaqdan çıxdı, 15 dəqiqə sonra qayıtdı. Bildirdi ki, həbs məsələni həll etdim, amma şef dedi ki, Namili yaxşı tanıyıram, 1 milyon dollar gətirsin. Mövlama o qədər pulum olmadığını dedim. MTN-dən çıxdım, 15-20 gün sonra Vüsal mənə zəng vurdu. Bildirdi ki, rəhbərlik sənə hörmət elədi, məbləğ 700 minə düşdü. Mən də Vüsala cavab verdim ki, məndə o qədər pul yoxdur, get şefinə belə də de.

Bu çəkişməmiz təxminən 1 ay sürdü. Ofisim Mövlamın evinin yanında olduğuna görə hər gün onunla görüşürdük. Mövlama dedim ki, belə olmaz, mən evimi satım, çöldə qalım. Mövlam da mənə bildirdi ki, icazə ver şeflə danışım, sənə xəbər edəcəm. Səhəri gün mənə zəng etdi və bildirdi ki, şeflə danışdım, 500 minə razılaşdı. Mən də "Azneft" meydanındakı evimi satdım, 200 min dolları Mövlama, qalan 300 min dolları Vüsala verdim”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.