Cəlilabad rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Sadiq Babayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sadiq Babayev ötən il mayın 10-da saat 22 radələrində Cəlilabad rayonunun Fətullaqışlaq kəndində yerləşən dörd yöl ayrıcında ali məktəbə daxil ola bilməməsini ona irad tutan və onun ünvanına nalayiq söyüşlər söyərək təhqir edən həmkəndlisi Həsən Mirxasovla mübahisə edib.

Onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Sadiq Babayev üstündəki bıçaqla Həsən Mirxasanova 4 bıçaq xəsarəti yetirib. Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sadiq Babayevin barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Babayev 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sadiq Babayevin müdafiəçisi Vəliəhəd Həbibov apelyasiya şikayəti verib. O, şikayətində müvəkkilinin barəsində olan hökmün dəyişdirilməsini, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs Sadiq Babayevə təyin edilmiş cəza şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyil.

Məhkəmə cəza təyin edərkən onun ilk məhkumluğu, törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, onun müalicəsi üçün çəkilən bütün xərcləri ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və iddiasının olmaması kimi cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını tam nəzərə almayıb.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, şikayət qismən təmin edilib. Məhkəmə Sadiq Babayevin cəzasını 1 il 6 aya endirib.