BAKI, 8 avqust. TELEQRAF

Düz bir il əvvəl Vaşinqtonda keçirilən sammit Azərbaycan-Ermənistan sülh prosesinin tarixində ən əlamətdar mərhələlərdən biri oldu. Bu görüşün əhəmiyyəti Azərbaycanla Ermənistan arasında sülhün bərpası və dövlətlərarası münasibətlərin təmzinləməsi haqqında sazişin razılaşdırılmış mətninin Vaşinqtonda paraflanması ilə təsdqilənir. Tərəflər həmçinin Cənubi Qafqaz üçün prinsipial şəkildə yeni siyasi kontekstin yaradılması zərurətini sərgiləyiblər.

Bu baxımdan, bir-biri ilə əlaqəli 3 məqama diqqət yetirilməlidir: sülh müqaviləsinin paraflanması, onun imzalanması və tərəflərin bu sazişi yekun təsdiqlənməsi. Hazırda birinci mərhələnin əldə olunmasından sonra iki sonrakı mərhələyə ardıcıl irəliləyiş sülh prosesinin əsas məqsədi olaraq qalır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Şanlı Zəfəri regionda ümumilikdə güc balansını dəyişdirərək, təxminən otuz il davam edən status-kvoya son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü və onun tarixi ərazisi olan Qarabağ üzərində suveren hüququnu bərpa etdi. Məhz bundan sonra tərəflərin iki suveren dövlət arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina əsasında dövlətlərarası münasibətlərin qurulması reallığı gündəmə gəldi.

Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev yalnız müharibəni deyil, həm də sülhü udan lider kimi tarixə düşdü. Vaşinqton sammitindən əvvəl də tənzimlənmənin beş əsas prinsipini formalaşdıran rəsmi Azərbaycanın mövqeyi

- suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması;

- ərazi iddialarından imtina;

- güc tətbiq etməmək öhdəliyi;

- diplomatik münasibətlərin qurulması ilə sərhədlərin delimitasiyası və demarkasiyası;

- nəqliyyat kommunikasiyalarının açılması və əməkdaşlığın inkişafı müddəalarına əsaslanırdı.

Beləliklə, rəsmi Bakı nəinki hərbi-siyasi reallıqda dəyişiklik əldə etdi, həm də onu sülh yolu ilə möhkəmləndirmək üçün hüquqi-siyasi çərçivə formalaşdırdı. Əslində Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsidir. Məhz Azəırbaycan liderinin uzunmüddətli siyasi-diplomatik strategiyası nəticəsində sülhə məcbur edilən Ermənistan ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıb.

Yeri gəlmişkən, rəsmi İrəvan hazırda özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, onun bu müstəvidə səsləndirdiyi bəyanatların səmimiliyi hələ də böyük şübhə doğurur. Çünki İkinci Qarabağ Müharibəsindən əvvəl İrəvanın Azərbaycan ərazilərində işğalı genişləndirmək planları, müharibə zamanı Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, hətta 44 günlük müharibədən sonra revanşist planları reallaşdırmaq arzuları yaddaşlarda yaxşı həkk olunub. Yalnız 2023-cü ildə antiterror əməliyyatında aldığı növbəti ağır məğlubiyyətdən sonra yaranmış reallıqları anlayan Paşinyan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin Sülh gündəliyini qəbul etmək məcburiyyətində qaldı.

Beləliklə, Azərbaycanın təkilf etdiyi “beş prinsipə əsaslanan sülh” siyasi formulundan konkret beynəlxalq hüquqi mətnə ​​keçid baş verdi. Bu isə prinsipial olaraq vacib bir məqamdır. Çünki davamlı sülh yeni bir reallıq siyasi öhdəliklərə, hüquqi sənədlərə, etimad mexanizmlərinə və iqtisadi əlaqələrə əsaslandıqda ortaya çıxır. Bu baxımdan, Vaşinqton sammiti klassik münaqişələrin həlli diplomatiyasından daha da irəli gedən tarixi hadisə oldu.

Vaşinqton bəyannaməsi Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında Ermənistan vasitəsilə nəqliyyat əlaqələrinin inkişafını, suverenlik, ərazi bütövlüyü və dövlətlərin yurisdiksiyası prinsiplərinə əsaslanaraq nəzərdə tutur. Bu yöndə əsas nəticələrdən biri ABŞ və Ermənistanın TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu çərçivəsində işləmək barədə razılığa gəlməsidir.

Bu mənada nəqliyyat əlaqələrinin açılması artıq ikinci dərəcəli infrastruktur məsələsi deyil, uzunmüddətli sülh üçün vasitələrdən biridir.

2026-cı ilin iyul ayından etibarən TRIPP prosesi sənədin hazırlanması mərhələsinə qədəm qoyub. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nəqliyyat komponenti üzərində işlərin davam etdiyini və ABŞ və Ermənistanın müvafiq danışıqlar apardığını bildirib.

Eyni zamanda, 2026-cı ilin may ayında Ermənistan və ABŞ arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalandı. Bu, Vaşinqton sammitinin siyasi ideyasından layihənin institusionallaşdırılmasına keçidi göstərir. Vaşinqton Bəyannaməsində revanşizmdən imtina etmək və münasibətlərdə yeni bir fəsil açmaq zərurəti açıq şəkildə bildirilir. Bu isə o deməkdir ki, Azərbaycanın iradəsi ilə müharibəni dayandırmalı olan sülhdən müharibəyə qayıtmağı iqtisadi-siyasi cəhətdən səmərəsiz edəcək bir sülhə keçid prosesi inkişaf edir.

Dəyişən vəziyyətin ən vacib əlaməti normallaşmanın praktik elementlərinin tədricən ortaya çıxmasıdır. İki ölkə arasında artıq “əsl sülh” vəziyyətini formalaşdıran rəsmi Bakı sülh sazişinin imzalanmasını gözləmədən Ermənistana müansibətdə artıq birtərəfli jestlər sərgiləyir. Belə ki, Azərbaycan öz ərazisindən digər ölkələrdən Ermənistana yüklərin daşınmasına icazə verir, hətta özü də Ermənistana neft məhsulları və digər həyati vacib məhsullar göndərir. Bu isə birbaşa əlaqələri genişləndirir və iqtisadi münasibətlər yaradır. Keçmişdə sülh gələcək razılaşmanın hipotetik nəticəsi kimi müzakirə olunurdusa, bu gün sülh gündəliyinin getdikcə daha çox elementi hətta son təsdiqindən əvvəl formalaşır.

Bu baxımdan, Prezident İlham Əliyevin yalnız döyüş meydanında deyil, həm də danışıqlar masasında qələbə qazandığı danılmaz reallıqdır.

Sözügedən kontekstdə bir tarixi hadisə ilə bağlı müqayisə çox maraqlıdır. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, tarixən geosiyasi rəqiblər olan Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı Bakının sülh gündıəliyini qəbul etmək məcburiyyəti qarşısında qoydu. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması İlham Əliyevin strateji düşüncəsinin və ardıcıl fəaliyyətinin nəticəsi kimi müharibədə qalib parlaq qələbə qazanan Ali Baş Komandanın sülhdə də qələbəsidir.

Müharibənin qalib gəlməklə və Ermənistanı sülhə məcbur etməklə Azərbaycan Prezidenti Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırdı. Bölgədə sülh və təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, öz konstitusiyasında islahatların aparılması zərurətini qəbul etməsi və artıq yeni konstitusiyanın mətninin hazır olamsı barədə verdiyi bəyanatlar bunun əyani sübutudur.

Sahil İsgəndərov, politoloq