BAKI, 4 avqust. TELEQRAF

İsveçrə xarici işlər naziri İqnazio Kassis Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımları təqdir edib.

Teleqraf xəbər verir ki, bunu İqnazio Kassis öz sosial media hesabında yazıb.

Nazir bildirib ki, Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla yenidən görüşməkdən çox şaddır. O, səfərinə əvvəlcə Şəhidlər xiyabanını ziyarət etməklə başladığını vurğulayıb.

İ.Kassis ölkəsi ilə Azərbaycan arasında əlaqələrin güclü olduğunu və ticarət kimi sahələrdə işbirliyini daha da dərinləşdirmək üçün böyük imkanların olduğunu qeyd edib.

Sülh prosesindən danışan nazir əlavə edib:

"Azərbaycan və Ermənistan arasında sülhə doğru müsbət gedişatı alqışlayıram. Biz, həmçinin bölgədə sabitliyi qorumaq üçün ATƏT daxilində əməkdaşlığımızı da müzakirə etdik".