BAKI, 16 iyul. TELEQRAF
“Bu gün Rusiya cəmiyyətində milli və dini ayrı-seçkilik ən yüksək dövrlərdən birini yaşayır. Görünür, Rusiya daxildə baş verən proseslər fonunda yeni bir düşmən axtarışına çıxıb. Çünki Duma seçkiləri ərəfəsində ictimai narazılıq artır. Ukrayna ordusunun sarsıdıcı zərbələri Rusiyanı çıxılmaz bir vəziyyətlə üz-üzə qoyub. Bu istiqamətdə problemləri ört-basdır etmək üçün cəmiyyətin fokusunu fərqli bir istiqamətə yönəltmək istəyirlər”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan və onun lideri hər zaman aydın mövqe nümayiş etdirir: "Azərbaycanın sözü ilə əməli vəhdət təşkil edir. Bu istiqamətlərə detallı toxunmadan öncə bildirək ki, IV Qlobal Şuşa Media Forumunda Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə də toxundu. Hesab edirəm ki, bu istiqamət üzrə suala verilən həmin cavab xüsusi qeyd edilməli məsələdir. Çünki dövlət başçımız bildirdi ki, biz Rusiya ilə münasibətlərə dəyər veririk. İstər ölkə başçısı, istərsə də Rusiya Federasiyası rəsmiləri tərəfindən ölkələrimiz arasında münasibətlərin çox müsbət xarakterizə edildiyini ehtiva edən bəyanatlar görmüşük. Təbii ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər gərgin bir mərhələyə daxil olmuşdu, amma biz bu prosesi geridə qoymağı bacardıq.
Münasibətlərin normallaşmasını istəyirdik, bunda maraqlı idik, bu istiqamətdə addımlar atdıq və tam dönüş olduğunu da düşünürdük. Lakin təəssüflər olsun ki, Rusiya tərəfindən buna adekvat cavab verilmir. Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərini daha geniş coğrafiyada önəmli görsə də, Rusiya bu münasibətlərə xələl gətirməmək üçün həssaslıq nümayiş etdirmir.
Tam əksinə, Rusiya son dərəcə kəskin addımlar atır. Həm dövlət başçımızın bu mövqeyi, həm də xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya indiki səfəri ondan xəbər verir ki, biz gərginliyi arxada qoymaq istəyirik. Bu səfərin özü də həmin gərginliyə görə baş tutmurdusa, lakin indi reallaşırsa, deməli, Azərbaycan xoş niyyət nümayiş etdirir”.
Deputat Rusiyanın adekvat yanaşma sərgiləmədiyini, əksinə, şovinizmi, ksenofobiyanı, milli ayrı-seçkiliyi daha da alovlandıraraq, ölkədə yaşayan azərbaycanlıları “mütəşəkkil cinayətkar qruplaşma” kimi qələmə verdiyini vurğulayıb:
“Bu isə nə münasibətlərimizin ruhuna uyğundur, nə verilən bəyanatların həqiqiliyini göstərir, nə də qəbul ediləndir. Ukrayna müharibəsi Rusiyanın artan iqtisadi zəifliklərini daha da üzə çıxarmağa başlayıb. Rusiya artan iqtisadi asılılığa doğru sürətlə addımlayır. Ticarət, texnologiya, maliyyə baxımından asılılıq yaranır. Rusiyanın korporativ borcu kəskin şəkildə artır. Problem özünü sadəcə maliyyə ilə bağlı göstərmir. Burada hərbi xərcləri dəstəkləmək üçün getdikcə daha çox büdcədənkənar maliyyələşdirmə tələb olunur ki, bunun özü də ciddi fəsadlar vəd edir.
Deməli, Rusiyanın iqtisadiyyatının sütunları əhəmiyyətli dərəcədə zəifləyib. Dövlət başçımızın da bildirdiyi kimi, Cənubi Qafqazı köhnə metodologiya ilə idarə etmək mümkün deyil. Bu istiqamətdə yeni yanaşmalar ortaya qoyulmalıdır.
Yeni yanaşmaların düsturu isə aydındır. Bu, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Rusiya Azərbaycanın göstərdiyi münasibətə də, atdığı addımlara da adekvat cavab və reaksiya verməlidir”.