BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanın diplomatik fəaliyyətinin ən uğurlu nümunələrindən biri sözsüz ki, “Vaşinqton Sülh Sammiti”dir. Burada əldə olunan nəticələr regionu qarşıdurma məkanından əməkdaşlıqlar, investisiyalar və biznes məkanına çevirib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə heyəti üzvü Pərvanə Vəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın əvvəlki illərdə olduğu kimi, son iki ildə də beynəlxalq seçkilərdə əldə etdiyi ardıcıl qələbələr ölkəmizə göstərilən yüksək etimadın və artan nüfuzun bariz göstəricisidir:

"Bu uğurlar möhtərəm Prezident cənab İlham Əliyevin müəyyən etdiyi prinsipial, milli maraqlara əsaslanan və çoxşaxəli xarici siyasət kursunun mühüm nəticəsidir. Xüsusilə, 2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü bütün namizədliklərin uğur qazanması diqqətəlayiqdir. Ümumilikdə 14 namizədliyin hər biri üzrə tam qələbənin təmin edilməsi ölkəmizin seçki diplomatiyasında 100 faiz uğur göstəricisinə nail olduğunu nümayiş etdirir. Əldə olunan üzvlüklərin dayanıqlı inkişaf, turizm, miqrasiya, sosial inkişaf, ətraf mühit, mədəni irs və humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə etməsi Azərbaycanın xarici siyasət prioritetlərinin universallığını göstərir".

Pərvanə Vəliyeva qeyd edib ki, 2026-cı ilin yalnız iyun ayında Azərbaycanın BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları Komitəsi (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə etməsi xüsusi əhəmiyyət daşıyır:

"Əvvəlki seçkilərin nəticələrinə uyğun olaraq, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsilçiliklə birlikdə Azərbaycan nümayəndələri BMT-nin insan hüquqları üzrə mövcud 10 müqavilə qurumundan 5-də yer alırlar. Bu göstərici üzrə Azərbaycan bütün BMT üzvləri arasında Çinlə ikinci və üçüncü yerləri bölüşür. BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyinin genişlənməsi ölkəmizin qlobal qərarqəbuletmə proseslərində rolunu daha da gücləndirir. Azərbaycanın UN-Habitat, UNEP, UNFCCC ilə səmərəli əməkdaşlıqları və dünyanın 200-ə yaxın ölkəsinin Azərbaycanın lehinə səs verməsi nəticəsində son illərdə WUF13, COP29 və Dünya Ətraf Mühit gününə ölkəmiz uğurla ev sahibliyi edib. Bu isə Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi böyük töhfədir".

Deputat bu ardıcıl uğurların bir daha göstərdiyini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini davamlı şəkildə möhkəmləndirir və ölkəmizə qlobal miqyasda yüksək etimad qazandırır.

Pərvanə Vəliyeva bütün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.