BAKI, 8 iyul. TELEQRAF
“Hazırda güc və təhlükəsizlik amili qlobal miqyasda ən əsas məsələlərdən biridir. Dost və qardaş Türkiyənin də dünyada söz sahibi olan güclü dövlətə çevrilməsi qüruvericidir. Ankaranın ev sahibliyi ilə keçirilən NATO sammiti Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, sammit qardaş ölkə tərəfindən çox yüksək səviyyədə təşkil olunub. Dünyanın mürəkkəb transformasiya dövründə keçirilən sammit NATO üçün mühüm əhəmiyyət daşıyır və alyansın mövcud təhlükəsizlik çağırışlarına yanaşmasının müzakirəsi baxımından önəmli platforma oldu. Dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donald Trampın da sammitdə iştirakı xüsusi vurğulanmalıdır. Məlumdur ki, Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra Vaşinqtonun regionumuza diqqəti əhəmiyyətli dərəcədə artıb. Ağ Evin rəhbəri region üçün Türkiyənin və Azərbaycanın önəmini çox yaxşı bilir. Ona görə də, o, hakimiyyət qayıtdıqdan sonra Vaşinqtonun bölgədə Türkiyə və Azərbaycanla münasibətlərində yeni mərhələ başlayıb.
“Təsadüfi deyil ki, Prezident Tramp Rəcəb Tayyib Ərdoğana olan hörmətinə görə NATO-nun sammitinə qatıldığını açıqlayıb. Əgər başqa ölkədə keçirilsəydi, Ağ Evin rəhbəri sammitdə iştirak etməyə bilərdi”,-deyən millət vəkilinin sözlərinə görə, Donald Tramp Türkiyəyə qarşı daha əvvəl tətbiq edilmiş birtərəfli sanksiyaların ləğv ediləcəyini bəyan edib. Eyni zamanda, F – 35 hərbi təyyarələrinin Türkiyəyə satıla biləcəyini də istisna etməyib.
Samir Vəliyev qeyd edib ki, Ankarada keçirilən sammit NATO-nun gələcək strategiyasının müəyyənləşdirilməsi və Türkiyənin Alyansdakı rolunun gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir: “Əlbəttə, NATO müttəfiqlərinin Türkiyənin rolunu xüsusi vurğulaması, ABŞ liderinin Prezident Ərdoğanla bağlı müsbət fikirləri təsadüfi deyil. Çünki Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü dövlət kimi tanınır. Qardaş ölkənın hazırda regional proseslərə ciddi təsir imkanları var. Həm Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə təmin edilməsi prosesində rəsmi Ankaranın rolu inkaredilməzdir. Ankaranın Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasında rolunu beynəlxalq ekspertlər də etiraf edirlər”.
Deputat Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu vurğulayıb. Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldir və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemini yaratmaqdadır. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən beş ölkədən biri sayılır. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.
“Bütövlükdə, ABŞ və digər NATO üzvləri Türkiyənin regionda gücünü qəbul edir və bölgədə özünün əsas müttəfiqlərin biri hesab edir. Bu baxımdan, NATO-nun Ankara sammiti region və qlobal təhlükəsizlik baxımından faydalı nəticələr verəcəyi şübhəsizdir”,-deyə deputat vurğulayıb.