BAKI, 16 iyun. TELEQRAF
Böyük Britaniya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın yeni dövrü formalaşır. Bu əməkdaşlıq hər iki ölkənin vətənderlarına və biznes mühitinə birbaşa fayda gətirəcək.
Teleqraf xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Böyük Britaniyanın investisiya üzrə dövlət naziri Lord Ceyson Stokvud bildirib.
Bakıya ilk dəfə səfər etməkdən və Azərbaycanın əsas investorları, eləcə də hökumət rəsmiləri ilə görüşməkdən məmnunluğunu ifadə edən nazir ikitərəfli əlaqələrin gələcək prioritetlərini açıqlayıb:
"Böyük Britaniya və Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur. Ölkəmiz Azərbaycanın ən böyük xarici investoru olmaqla yanaşı, ticarət əlaqələrini daha da genişləndirməkdə qərarlıdır. Strateji tərəfdaşlığımız çərçivəsində təmiz enerji, maliyyə xidmətləri və infrastruktur kimi prioritet sahələrdə ikitərəfli ticarət və investisiyaları daha da artıracağıq. Bu addımlar isə hər iki ölkədə yeni iş yerlərinin və böyük iqtisadi imkanların yaranmasına birbaşa töhfə verəcək".
Qeyd edək ki, ticarət və iqtisadi artım Avropa üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı elan edilmiş Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunlarından biridir. Lord Stokvudun hazırkı səfəri həm də hər iki ölkə arasında yüksək səviyyəli əlaqələr silsiləsinin davamıdır. Belə ki, bu missiya Böyük Britaniyanın regional ticarət komissarı Devid Ridin bu ayın əvvəlindəki və ticarət elçisi Lord Alderdaysin Bakıya səfərlərinin məntiqi davamı xarakterini daşıyır.
Bu mühüm diplomatik gediş hər iki hökumətin iqtisadi əməkdaşlıq üzrə müzakirələri daha da irəli aparacağı Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası ərəfəsində baş tutub. Hazırda tərəflər birlikdə müasir, innovativ və konkret nəticələrə hesablanan yeni bir strateji tərəfdaşlıq modeli formalaşdırırlar.