BAKI, 23 may. TELEQRAF
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrini və təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Görüşdə, həmçinin regionda mövcud olan çağırışlar və təhlükəsizliyin təmin edilməsi məsələlərinə toxunulub.
Geka Geladze iki ölkənin təhlükəsizlik xidmətləri arasında mövcud olan möhkəm əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Faiq Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Geka Geladze cari ilin aprel ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilib. O, bu təyinata qədər - 2025-ci il mayın 28-dən Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb.