BAKI, 5 dekabr. TELEQRAF

Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə Bakıya gəlib.

A. Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramı və müdafiə, təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı barədə əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025–2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.