BAKI, 1 dekabr. TELEQRAF

"Azərbaycan Rusiya-Ukrayna münaqişəsinə hərbi şəkildə cəlb olunmayacaq. Bakı əvvəldən bu müharibənin heç bir hərbi komponentində iştirak etmir və etməyəcək".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Hikmət Hacıyev diqqəti Bakının humanitar dəstəyinə və enerji sahəsində əməkdaşlığa yönəldib. Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan Ukraynaya 40 milyon dollardan artıq yardım göstərib:

"Bu, humanitar təminatlar, bərpa layihələri və müharibədən zərər çəkən uşaqlar üçün proqramları əhatə edir. Ukraynalı uşaqların reabilitasiya proqramı davam edir. Onlar mütəmadi olaraq sosial-psixoloji dəstək üçün Azərbaycana gətirilirlər".

Prezidentin köməkçisi həmçinin Rusiyanın enerji infrastrukturlarını hədəf alan hücumlarına baxmayaraq, Ukraynaya qaz tədarükünün həyata keçirildiyini xatırladıb.

Sanksiyalar mövzusuna toxunan Prezident köməkçisi Azərbaycanın Qərbin məhdudiyyətlərinindən yayınmaq üçün Rusiya tərəfindən "istifadə edildiyi" barədə iddiaları rədd edib:

"Bakı sanksiya məsələsində son dərəcə diqqətlidir və iki ölkə arasında ticarətin həcmi 2022-ci ildən sonra kəskin artım göstərmir".