BAKI, 21 noyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi (XİN) noyabrın 14-də Ukraynanın paytaxtına Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə bağlı təəssüfünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı deyib.

"Moskva Bakının Kiyevdəki diplomatik missiya ilə bağlı müraciətini diqqətlə araşdırıb. Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-dəqiq işləməsi, ehtimal ki, "Patriot" raketinin zərbəsi nəticəsində baş verib. Rusiya baş verən insidentə görə səmimi təəssüfünü ifadə edir",- o qeyd edib.

Rusiya XİN-dən bildirilib ki, görüşdə yüksək və ali səviyyələrdə təmasların qrafiki müzakirə edilib. İkitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində əldə olunmuş uğurlar qeyd olunub, mədəni-humanitar əlaqələrin tam şəkildə bərpasının vacibliyi vurğulanıb.

Xatırladaq ki, noyabrın 14-də Rusiyanın Ukraynaya hücumu zamanı "İskəndər" tipli raketlərdən biri Azərbaycanın Kiyеvdəki səfirliyinin binasına düşmüşdü.

Hadisə nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalara, xidməti avtomobillərə, inzibati binaya və konsulluq şöbəsinə ciddi ziyan dəyib. Diplomatik nümayəndəliyin ərazisinə də əhəmiyyətli zərər vurulub.

Rəsmi Bakı baş verənlərlə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu Xarici İşlər Nazirliyinə (XİN) çağıraraq kəskin etirazını bildirib. Qarşı tərəfə nota təqdim olunub və Moskvanın hadisə ilə bağlı müvafiq araşdırma aparması, eləcə də ətraflı izahat verməsi tələb edilib.