BAKI, 18 noyabr. TELEQRAF
Şimali Koreya iddia edir ki, Cənubi Koreya ABŞ ilə ticarət tariflərinin 15%-ə endirilməsi müqabilində amerikan iqtisadiyyatına “kolonial vergi” ödəyir.
Teleqraf xəbər verir ki, bu açıqlamanı Koreya Mərkəzi Telegraf Agentliyi (KTAC) yayıb.
Qeyd olunur ki, şərh ABŞ-Cənubi Koreya sammitinin nəticələrinə dair Kyoncu şəhərində oktyabrın 29-da hazırlanmış birgə sənədə əsaslanır. Agentlik bildirir ki, bu sənəd iki ölkə arasında asılılıq münasibətlərini təsdiqləyir və yalnız ABŞ-nin maraqlarını qoruyur.
“ABŞ Cənubi Koreyanı öz tərəqqisi üçün kolonial iqtisadiyyat səviyyəsinə endirib və tariflərin 15%-ə endirilməsi qarşılığında vergi ödətmək məcburiyyətində qoyub”, - agentlik yazır.
Həmçinin vurğulanır ki, Seulun Vaşinqtonla hərbi ittifaqı tabeçilik xarakteri daşıyır və Cənubi Koreyanın maraqları tamamilə nəzərə alınmır.
KTAC həmçinin ABŞ və Cənubi Koreyanın Şimali Koreyanın tam denuklearizasiyasına yönəlmiş səylərini qınayıb və bunun Şimali Koreya konstitusiyasına zidd olan qarşıdurma niyyətini ifadə etdiyini qeyd edib.