
BAKI, 21 mart. TELEQRAF
Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman sülh müqaviləsi imzalanmağa hazır olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın əsassız iddialarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, hətta Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu ölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verib.
"Lakin bu heç bir halda bizim Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlməməlidir", - məlumatda deyilir.
Azərbaycanın bütün istiqamətlərdə sülh səylərini davam etdirəcəyi və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacağı vurğulanıb.