Bakıda Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord David Çarlz Evansın müəllifi olduğu "Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, beynəxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, "Bakı-2015" Birinci Avropa Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan SOCAR-ın vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə son illərdə Azərbaycanın sürətli inkişafı, yenilikçi ideyaları, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanındığını diqqətə çatdırıb. O, Azərbaycanda keçirilən tədbirlərin kəmiyyəti, keyfiyyəti, unikallığı və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyini xüsusi vurğulayıb. R.Hüseynzadə deyib ki, bu tədbirlərdən ən mühümü dünya idman tarixinə qızıl hərflərlə yazılmış Birinci Avropa Oyunlarıdır: "Bu, Oyunlar dünya tarixində ilk dəfə məhz Azərbaycanda təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu Oyunların standartı yox idi. Avropa Oyunları ilk dəfə məhz Azərbaycanda keçirildi və bütün dünyaya örnək oldu".

R.Hüseynzadə kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, o cümlədən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Lord Evansa və digər şəxslərə minnətdarlığını bildirib, nəşrin ölkəmizin dünyada geniş təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Açılış çıxışından sonra "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.

"Avropa Oyunlarının ən yüksək standartları məhz Azərbaycanda təsis olundu"

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanındığını bildirib.

Ə.Həsənov bildirib ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: "Azərbaycanı bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanıyırlar. Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib".

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, son 10 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəldilib: "İqtisadiyyatın qeyri-neft sektorunda hər il orta hesabla 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsulun istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub, 2015-ci ilin birinci yarısında isə bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının getdikcə aşağı salındığını göstərir. Azərbaycan bölgədə nəqliyat dəhlizlərinin yaradılması, müasir nəaliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır və artıq regionun nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".

Ə.Həsənov əlavə edib ki, Avropa Oyunlarının ən yüksək standartları məhz Azərbaycanda təsis olundu.

"Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb"

Prezidentin köməkçisi bildirib ki, bu gün Bakı öz xarici görünüşü, müasir sosial və mədəni infrastrukturu baxımından dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb: "Azərbaycan regionlarında turizm infrastrukturu inkişaf etdirilib. Bütün bu söylədiklərim və söyləmədiklərim, Azərbaycanın müasir inkişafını əks etdirən səhnələr təqdimatına yığışdığımız bu kitabda öz əksini tapıb".

"Təqdim olunan kitab Azərbaycanın müasir inkişafının əsl salnaməsini yaradıb"

Ə.Həsənov bildirib ki, bu gün təqdimatına toplaşılan kitab təkcə idman oyunlarını deyil, eyni zamanda Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edərək onun əsl salnaməsini yaradıb: "Bu salnamə ingilis dilində, Böyük Britaniyanın standartları əsasında yaradılıb. Kitab Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsi ilə başlayır. Cənab Prezidentin müsahibəsində Azərbaycan Respublikasının müasir inkişafının demək olar ki, bütün sahələri yığcam formada təqdim olunub. Dövlət başçısı Azərbaycanın keçən 20 ildə əldə etdiyi naliyyətlər, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, Azərbaycan xalqının milli-mənəvi, mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanın idman tarixində və Avropada idmanın inkişafında birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında öz fikirlərini bildirib".

PA rəsmisi deyib ki, kitabda əks olunmuş materiallarda Azərbaycanın müstəqillik illərində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkiafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti geniş formada təhlil olunub: "1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarına çıxarılmasında, respublikanın inkişafında və beynəlxalq iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayıb".

Ə.Həsənov qeyd edib ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasi kurs, müasir cəmiyyət quruculuğu, ölkədə sosial, iqtisadi və mədəni infrastrukturların qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat öz əksini tapıb.

"Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb"

SOCAR-ın prezidenti Rövnəq Abdullayev son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayıb. O bildirib ki, bu uğurların əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyaları və Prezident İlham Əliyevin müdrik rəhbərliyi dayanır. R.Abdullayev qeyd edib ki, Birinci Avropa Oyunları bütün dünyaya Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirib.

Daha sonra çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, bu möhtəşəm nəşr və onun təqdimat mərasimi "Bakı-2015" Birinci Avropa Oyunlarının həyəcanını bir daha yaşatdı. O qeyd edib ki, BP Azərbaycanın Avropanın ən mühüm idman hadisəsinə yüksək səviyyədə ev sahibliyi etməsindən qürur duyur.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Evans çıxış edərək nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını çatdırıb. Böyük Britaniya ilə Azərbaycan arasında sıx münasibətlərin olduğunu vurğulayan Lord bildirib ki, bu kitabda Birinci Avropa Oyunları, habelə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər əks olunub: "Belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirik və bununla qürur duyuruq".

Səxavət HƏMİD