BAKI, 2 oktyabr. TELEQRAF

"İnternet resurslarında kifayət qədər etik qaydaları gözləməyən böyük dil modelləri mövcuddur. Biz Dövlət Təhlükəsizliyi Xidməti olaraq siqnalları müəyyən edirik və müvafiq tədbirlər görürük. Lakin bu proses getdikcə çətinləşir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov ADEX 2026 çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektoral görüşdə deyib.

"Bu modellər cinayət törədilməzdən əvvəl onun bütün mərhələlərini planlaşdıra və həmin planları təkmilləşdirə bilirlər. Burada 3D printerlərdən də istifadə olunur. 3D printerlər vasitəsilə müxtəlif vasitələrin hazırlanması imkanları genişləndikcə, cinayətlərin törədilməsində istifadə olunan texnologiyalarla bağlı risklər də artır",- deyə D.Rüstəmov əlavə edib.