BAKI, 18 avqust. TELEQRAF

Maştağa Mədəniyyət Mərkəzində itkin şəhid Xəqani Aslanovun anım mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid Xəqani Aslanovun keçdiyi döyüş yolu barədə məlumat verilib.

Şəhidin həyat yoldaşı Sədaqət Aslanova onun Xocalı faciəsi zamanı dinc sakinlərin xilas edilməsində iştirak etdiyini bildirib.

“Yoldaşım və qayınlarım həqiqətən vətənpərvər insanlar olublar. Üç qardaş əliyalın şəkildə, yalnız öz güclərinə arxalanaraq ermənilərə qarşı döyüşüblər. Azərbaycanın müxtəlif bölgələrində gedən döyüşlərdə iştirak ediblər. Onları saxlamaq mümkün deyildi, dedilər getməliyik, başqa yol yoxdur. Xəqanə Aslanov 1992-ci ildə, iki qaynım - Hasil və Vidadi Aslanovlar isə 1993-cü ildə şəhid olublar”.

Şəhidin oğlu Sadiq Aslanov atası və əmiləri ilə hər zaman fəxr etdiyini bildirib: “Arzum budur ki, bütün qəhrəman itkin şəhidlərimiz tapılsın, gözümüz yollardan çəkilsin. Bu, çox çətin bir hissdir. Naməlum məzar görəndə onu qucaqlayıb ağlayıram və kaş atamın da belə bir son mənzili olaydı deyə düşünürəm”.

Xəqani Aslanovun digər oğlu Müsavi Aslanov atasının hərbi xidmətindən və ailəsinin gözləntisindən danışıb: “Atam 1988-ci ildən hərbidə olub. 1992-ci ildə Xocalıda çox sayda insanın həyatını xilas edərək onları təhlükəsiz yerə çıxarıb. Əmilərim isə Ağdamın işğal edildiyi gün şəhid olublar. Bizim də gözümüz yoldadır. Atamın nəşinin tapılması və bir məzarının olması bizim üçün böyük təsəlli olar”.

Mərasimdə çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatırlanmasının mənəvi borc olduğunu vurğulayıblar.

Qeyd edək ki, Xəqani Aslanov 1955-ci ildə Ağdamın Şelli kəndində dünyaya gəlib. O 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub.