BAKI, 6 iyul. TELEQRAF

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” adlı layihə çərçivəsində regional müzakirələrini uğurla davam etdirir. Regional proqram çərçivəsində növbəti geniştərkibli tədbir Quba Olimpiya Kompleksində baş tutub.

Görüşdə Quba rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri, yerli icra hakimiyyəti nümayəndəliklərinin əməkdaşları və rayonun fəal yerli sakinləri daxil olmaqla 30-a yaxın iştirakçı bir araya gəlib.

Tədbirin rəsmi hissəsini açan layihə rəhbəri Samir Umudov iştirakçıları salamlayaraq bu formatda keçirilən görüşlərin praktiki əhəmiyyətini önə çəkib. Samir Umudov qeyd edib ki, yerli idarəetmənin təkmilləşdirilməsi prosesində vətəndaşlarla qurulan birbaşa dialoq alternativsizdir:

"Məqsədimiz yerlərdə idarəetmə mexanizmlərini daha anlaşıqlı etmək və cəmiyyətin bələdiyyə qərarlarının qəbulunda real pay sahibi olmasına zəmin yaratmaqdır. Quba rayonundakı bu fəallıq göstərir ki, yerli səviyyədə inkişaf proqramlarının uğuru məhz birgə müzakirələrdən keçir."

Daha sonra çıxış edən layihənin eksperti Şaban Nəsirov ölkədə gedən struktur dəyişikliklərinə və bələdiyyələrin yeni hüquqi statusuna diqqət çəkib. Ekspert son islahatların gətirdiyi üstünlükləri və gözlənilən nəticələri ətraflı izah edərək bildirib:

"Bələdiyyələrin birləşməsi sadəcə coğrafi və ya inzibati birləşmə deyil, bu, yerli özünüidarə orqanlarının iqtisadi müstəqilliyinin təmin olunması üçün açılan yeni bir səhifədir. Böyüyən resurslar bələdiyyələrə daha irimiqyaslı yerli infrastruktur layihələri icra etmək imkanı verir. İndi əsas vəzifə bu yeni potensialı şəffaflıq və hesabatlılıq prinsipləri üzərində qurmaq, hər bir bələdiyyəni vətəndaşın ən yaxın tərəfdaşına çevirməkdir."

Tədbirdə çıxış edən yerli icra hakimiyyəti orqanının nümayəndəsi bələdiyyələrlə dövlət strukturları arasında koordinasiyalı işin qurulmasından danışıb. O vurğulayıb ki, rayonda sakinlərin rifahının yüksəldilməsi və sosial məsələlərin operativ həlli istiqamətində icra orqanları ilə bələdiyyələrin birgə fəaliyyəti, eləcə də bu növ ictimai platformalar xüsusi əhəmiyyət kəsb edir.

Bələdiyyə təmsilçiləri isə öz çıxışlarında mövcud keçid dövrünün idarəetmə xüsusiyyətlərinə toxunublar. Qeyd olunub ki, birləşmə prosesindən sonra yerli büdcə daxilolmalarının səmərəli idarə edilməsi və əhali ilə sıx ünsiyyətin qurulması üçün bu cür maarifləndirici görüşlərin rolu böyükdür. Bələdiyyə üzvləri yerli problemlərin həllində vətəndaş məsuliyyətinin artırılmasının vacibliyini də ifadə ediblər.

Görüşün ikinci hissəsində torpaq idarəçiliyi, yerli vergi sisteminin təkmilləşdirilməsi və daxili imkanların genişləndirilməsi yolları ətrafında interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları ekspert Şaban Nəsirov tərəfindən hüquqi müstəvidə cavablandırılıb.

İşgüzar və səmimi şəraitdə yekunlaşan regional görüş zamanı iştirakçılar üçün çay süfrəsi təşkil olunub və müzakirələr qeyri-rəsmi şəraitdə davam etdirilib.