BAKI, 3 iyul. TELEQRAF
VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər və “Yüksəliş” müsabiqəsinin ötən illərdəki qalibləri iştirak edirlər.
Bu il keçirilən müsabiqənin konsepti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər. Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir.
Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar əsasında iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 17-19 iyul tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.