BAKI, 26 iyun. TELEQRAF
“Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması” mövzusunda toplantısında Şeyxülislam A. Paşazadə çıxış edib.
Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumunun işində həmprezident olaraq iştirakını Azərbaycana və şəxsinə böyük etimad olaraq dəyərləndirən Şeyxülislam A. Paşazadə «Dinlər Sülh Naminə» təşkilatında təmsil olunmağının dünyanın əlahiddə ehtiyac duyduğu sülh quruculuğu, sülhün təmin olunması işinə töhfə vermək, təcrübəsini bölüşmək imkanı kimi qiymətləndirib.
Şeyxülislam A. Paşazadə bildirib ki, qarşıdurmalar və artmaqda olan insan qırğını ilə səciyyələnən, geosiyasi, iqtisadi maraqlar müstəvisində, habelə etnik, dini, irqi zəmində toqquşmalar, nifrət çağırışları, nüvə təhdidi, silahlanma yarışı, humanitar fəlakətlər və iqlim dəyişiklikləri insan nəslinin mövcudluğunu sual altına almaqda olduğu müasir dövrdə bəşəriyyətin varlığına təhlükə yaradan problemlərin əsas mənbəyinin ilahi düzənin pozulması cəhdləri, fəsadlar törədilməsi, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır.
O bildirib ki, biz dünyada sülhün bərpası üçün dualar edirik və dini mərkəz olaraq, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq platformalarda bu mövqeni fəal müdafiə edirik.
Şeyxülislam A. Paşazadənin çıxışında vurğulayıb ki, zəmanəmizdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də süni intellekt fenomeninin həyatımıza nüfuz etməsi ilə bağlıdır: “Rəqəmsal texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı bir çox fəsadlar yaradır. Bu məsələdə ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi və ən əsası, şəri-dini hökmlərin verilməsi zamanı insan intellektinə üstünlük verilməsidir. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik. Süni intellekt insan hüquqları müstəvisində nəzərdən keçirilərkən mühüm məqam, dini dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməsidir. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət sektoru, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmalıdır”.
QMİ sədri Şeyxülislam A. Paşazadə öz çıxışında beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda multikulturalizm və məzhəblərarası anlaşmanın unikal modeli bizim həyat tərzimiz, dövlətimizin siyasəti və bütün dünya üçün uğurlu birgəyaşayış örnəyidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağda quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə real səy göstərir.