Bakıda "Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusuna həsr olunmuş beynəlxalq foruma Azərbaycanın ev sahibliyi etməsi mühüm hadisədir.
Teleqraf xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının 9-cu iclası zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forum çərçivəsində sabah gənclər arasında debat yarışının keçirilməsi nəzərdə tutulub: "Bu, Azərbaycanın CICA Gənclər Şurası çərçivəsində təşkil etdiyi ikinci tədbirdir. Forumda 17 üzv dövlətdən nümayəndələr iştirak edir. Banqladeş, İordaniya, Çin, İsrail və digər ölkələrdən gələn gənclər bir araya gələrək dayanıqlı şəhər inkişafı, şəhərsalma və urbanizasiya sahəsində çağırışlar, təcrübə mübadiləsi və gənclərin bu istiqamətdə rolu barədə müzakirələr aparırlar.
Tədbirin əsas məqsədi gənclərin dayanıqlı şəhərlərin qurulmasına töhfəsini artırmaq, ölkələr arasında əməkdaşlığı gücləndirmək və bu sahədə innovativ yanaşmaları təşviq etməkdir".