BAKI, 26 iyun. TELEQRAF
"Azərbaycan Respublikasına göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm".
Teleqraf xəbər verir ki, bu fikirləri CICA-nın Baş katibi Kairat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ən çox gənc əhalinin yaşadığı qitə olan Asiyanın gələcəyi təkcə hökumətlər tərəfindən deyil, həm də gənclərin yaradıcılığı, istedadı və qətiyyəti ilə formalaşacaq:
"Bu ilin "Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusu həm vaxtında seçilmiş, həm də son dərəcə aktualdır. Şəhərləşmə cəmiyyətlərimizi görünməmiş sürətlə dəyişdirir. Şəhərlər iqtisadi artımın, innovasiyaların və mədəni mübadilənin mərkəzlərinə çevrilir.
Bununla yanaşı, onlar ekoloji dayanıqlılıq, hərəkətlilik, sosial inklüzivlik, ictimai təhlükəsizlik kimi ciddi çağırışlarla da üz-üzədir. Rəqəmsal dövrün nümayəndələri və dəyişikliklərin aparıcı qüvvəsi olan gəncləri bu problemlərin həllinə öz töhfələrini verməyə çağırırıq".