BAKI, 26 iyun. TELEQRAF
CICA Gənclər Şurasının 9-cu iclasında çıxış etməkdən böyük məmnunluq duyuram. İlk növbədə CICA Katibliyinə və bütün üzv dövlətlərə təşkilat çərçivəsində gənclər arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri davamlı töhfəyə görə səmimi təşəkkürümü bildirirəm".
Teleqraf xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir və gənclərə investisiya qoyuluşu dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını gücləndirən hərtərəfli siyasət həyata keçirilir.
Ölkəmiz beynəlxalq əməkdaşlıqda gənclərin iştirakını daim təşviq edib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub. Qlobal çağırışların həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf mövzularında müzakirələrə fəal töhfə veriblər. Eyni zamanda, Dünya Şəhər Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasında iştirak etməsi üçün mühüm platforma rolunu oynayıb. Bu təcrübələr bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, həm də həmin həllərin hazırlanması prosesində iştirak etməlidirlər".
Fərid Qayıbov bildirib ki, CICA çərçivəsində gənclərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur: "Ən yaxşı təcrübələrin paylaşılması, birgə təşəbbüslərin dəstəklənməsi və tərəfdaşlıqların gücləndirilməsi ilə regionumuzda daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verə bilərik.
Sonda CICA Katibliyinə, bu görüşün təşkilatçılarına və bütün hörmətli iştirakçılara göstərdikləri səylərə və dəyərli töhfələrinə görə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü müzakirələr əməkdaşlığımızı daha da möhkəmləndirəcək və gənclərimizin rəhbərliyi ilə daha sülhsevər, dayanıqlı və firavan gələcək naminə yeni təşəbbüslərə ilham verəcək".