BAKI, 25 iyun. TELEQRAF

Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası Azərbaycanda yaşayan bütün xalqların və dinlərin birliyini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksiy Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) təşkil edilən tədbirdə deyib.

Yepiskop aksiyada iştirakını özü üçün şərəf hesab etdiyini bildirib və qeyd edib ki, dünyada hərbi qarşıdurmaların və gərginliyin artdığı çətin bir dövrdə Azərbaycan cəmiyyəti unikal həmrəylik nümayiş etdirir:

"Bu aksiya ölkəmizdə yaşayan həm bütün xalqların, həm də bütün dinlərin birliyini göstərən çox yaxşı bir ənənədir. Beynəlxalq arenada insan tələfatına səbəb olan birbaşa hərbi qarşıdurmaları gördüyümüz bu dövrdə respublikamız, cəmiyyətimiz və dini təşkilatlarımız müxtəlif millətlərdən, fərqli dinlərdən olan insanları birləşdirən unikal bir vahidlik ortaya qoyur".

Yepiskop Aleksiy həmçinin ölkədəki mövcud dinc birgəyaşayış və sülh mühitinin bütün dünyaya nümunə olmasını arzuladığını vurğulayıb.