BAKI, 25 iyun. TELEQRAF
Azərbaycan davamlılıq və insan hüquqları sahəsində regionumuz üçün diqqətlə öyrənilməli olan dəyərli təcrübələrə malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları təşkilatının (KGK) sədri Hayrettin Kurt “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan Konstitusiyasının 39-cu maddəsi sağlam ətraf mühitdə yaşamaq hüququnu açıq şəkildə təsbit edir:
“Bundan başqa, Azərbaycanın “2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” sənədində “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi xüsusi yer tutur. Bu da Azərbaycanın inkişaf strategiyasında ekoloji məsuliyyətin, sosial rifahın və insan mərkəzli dövlət xidmətlərinin vahid yanaşma çərçivəsində qiymətləndirildiyini göstərir”.
H.Kurt əlavə edib ki, Azərbaycanın ASAN modeli sadəcə inzibati islahat nümunəsi deyil, insan ləyaqətinə hörmət edən dövlət xidmətinin praktik təcəssümüdür:
“Bu baxımdan Azərbaycan təqdirəlayiq uğura imza atıb.
Azərbaycanın DOST sistemi də sosial hüquqlar baxımından son dərəcə nümunəvi modeldir. Sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və sosial yardım xidmətlərinin “vahid pəncərə” prinsipi ilə vətəndaşlara təqdim olunması sosial dövlət anlayışının müasir təzahürüdür”.
Milyonlarla insanın bu xidmətlərdən yararlanması və tanış olduğum statistik məlumatlarda əks olunan çox yüksək məmnunluq göstəriciləri dövlət idarəçiliyinin səmərəliliyi ilə sosial hüquqların uğurla uzlaşdırıldığını göstərir. Bu baxımdan bu sistemin də həqiqətən təqdirə layiq olduğunu düşünürəm.