BAKI, 18 iyun. TELEQRAF

"Müasir dövrdə insan hüquqları gündəliyi ənənəvi hüquq və azadlıqların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində formalaşan yeni hüquqi, etik və institusional çağırışlara adekvat cavab mexanizmlərinin yaradılmasını da zəruri edir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, daha sürətli və kompleks xarakter alıb: "Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib. Odur ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır".

Ombudsman bildirib ki, milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür: "Bu təsisatlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər.

Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir.

“Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı yeni çap vəsaiti hazırlanıb. Bu nəşrdə süni intellekt texnologiyalarının insan hüquqlarına təsiri, mövcud risklər və müdafiə mexanizmləri sistemli şəkildə əks etdirilib. Bununla yanaşı, Ombudsmanın dəstəyi ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “Rəqəmsal zamanda süni intellekt və mediasiya” adlı elmi-praktiki vəsait də nəşr edilib.

Bu cür maarifləndirici nəşrlərin hazırlanması rəqəmsal hüquq mədəniyyətinin inkişafı, ictimai məlumatlılığın artırılması və insan mərkəzli texnoloji yanaşmanın təşviqi baxımından olduqca əhəmiyyətlidir".