BAKI, 9 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd hərbi qulluqçuların, o cümlədən əsgərlərin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

Tədbirdə Mülki müdafiə qoşunlarının komandanlığının N saylı hərbi hissəsinin şəxsi heyəti, Respublika Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi polis polkovniki İlkin Hüseynov və digər şəxslər iştirak ediblər.

Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Tədbirin sonunda şəxsi heyətə narkomaniya və “ağ ölüm”ün törətdiyi faciələr mövzusunda “Yoxluğa yoluxma” adlı film nümayiş olunub.