BAKI, 8 iyun. TELEQRAF

Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirib

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.

Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.

Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər həyata keçirilib.

Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun zəruri hüquqi məsuliyyət tədbirləri görülür.

Araşdırmalar davam etdirilir.