BAKI, 8 iyun. TELEQRAF
"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Akif Qurbanovun 16 il, Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədlinin 15 il, Əli Zeynalovun 15 il, Müşfiq Cabbarovun 14 il, İlkin Əmrahovun 14 il, Ramil Babayevin 14 il, Fərid İsmayılovun 13 il və Elmir Abbasovun 13 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.