BAKI, 5 iyun. TELEQRAF
Qlobal istiləşmənin təxminən üçdə birinə səbəb olan metan emissiyalarının azaldılması istiqamətində təcili və paralel tədbirlərə ehtiyac var.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson Bakıda keçirilən "Ümumdünya Ətraf Mühit Günü" çərçivəsində baş tutan "Metan emissiyalarının azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı sektorunda həllər" adlı sessiyada deyib.
O bildirib ki, iqlim dəyişmələrinin nəticələri intensivləşir.
"Qlobal temperatur artımı yaxın gələcəkdə böyük ehtimalla 1,5 dərəcə həddini aşacaq. Bu isə Paris İqlim Sazişi çərçivəsində müəyyən etdiyimiz çoxillik limitdir. Eyni zamanda anlayırıq ki, əsrin sonuna qədər yenidən bu həddin altına qayıtmaq üçün daha da çox çalışmalıyıq. Buna görə də dekarbonizasiya, yəni iqtisadiyyatın karbon emissiyalarından təmizlənməsi son dərəcə vacibdir", - o, vurğulayıb.