BAKI, 5 iyun. TELEQRAF
Yasamal rayon prokurorluğunun inzibati binasında “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib.
Teleqraf-ın xəbərinə görə, seminarda prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Tədbirin əsas məqsədi əmək hüquqlarının müdafiəsi sahəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların əmək hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, habelə media və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və hüquqi maarifləndirmənin artırılması olub.
Seminarı giriş sözü ilə açan Yasamal rayon prokuroru Elman Süleymanov əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, əmək hüquqlarının pozulması hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən görülən tədbirlər və vətəndaş müraciətlərinə baxılması təcrübəsi barədə məlumat verib.
Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlərin ictimaiyyətə operativ və düzgün çatdırılmasının əhəmiyyətindən danışıb, media ilə səmərəli əməkdaşlığın və ictimai məlumatlandırmanın bu sahədə mühüm rol oynadığını qeyd edib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Elşad Ağayev isə əmək qanunvericiliyinin pozulması ilə bağlı müraciətlərə baxılması, əmək hüquqlarının bərpası istiqamətində görülən tədbirlər və prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi profilaktik fəaliyyət barədə məlumat verib.
Seminar çərçivəsində əmək hüquqlarının müdafiəsində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti, hüquqi maarifləndirmənin genişləndirilməsi və əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti müzakirə olunub.
Tədbir interaktiv formatda davam etdirilib, iştirakçılar mövzu ətrafında çıxış edərək suallar ünvanlayıb və fikir mübadiləsi aparıblar.