BAKI, 4 iyun. TELEQRAF
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvləri, ekspertləri tədbirdə iştirak edir, onlarla birlikdə biz bu forumu ənənəvi olaraq davam etdiririk.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədr müavini Rauf Cabbarov IV Milli Kibertəhlükəsizlik Forumunda deyib.
O bildirib ki, forumun əsas özəlliklərindən biri budur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi onun əsas tərəfdaşıdır: "Bu, dövlətin foruma, özəl sektorun inkişafına göstərilən diqqətin nümunəsidir.
2020-ci ildə Vətən müharibəsi bizə böyük qələbə gətirməklə yanaşı, həmçinin sübut elədi ki, qələbə səngərdə deyil, kiber fəzada da əldə edilir, kiber fəzada aparılan döyüşlər o qədər az əhəmiyyətə malik deyil.
İkinci-üçüncü forumlarda biz kibertəhlükəsizlik şirkətlərinin sayını artırmaq, onlara dəstək vermək, gücləndirmək, kadr hazırlığını inkişaf etdirməklə mütəxəssisləri çoxaltmaq haqqında düşünürdük.
Keçən il isə bir az daha irəli gedib suverenlik ilində Naxçıvanda Kiber Suverenlik Konfransını təşkil etdik. Bu özü də böyük bir mesaj idi ki, kiber suverenliyimiz siyasi suverenliyimizlə bilavasitə əlaqəlidir və ölkəmizin hər nöqtəsində bu suverenliyi təmin edə bilməliyik.
İndi isə ənənəvi olaraq dördüncü Milli Forumla davam edirik. Dördüncü Milli Forumun əsas xüsusiyyəti ondan ibarətdir ki, biz 10-dan çox ölkədən 40-a yaxın peşəkar mütəxəssisi bura cəlb etmişik. Bu iştirakçılar arasında Huawei, Cloudstrike kimi beynəlxalq şirkətlər, türk dilli ölkələrindən assosiasiyalar, dövlət qurumlarının nümayəndələri, Şərqi Tərəfdaşlıq ölkələrindən olan assosiasiyaların, dövlət qurumlarının rəhbər şəxsləri burda iştirak edir. Biz memorandumlar imzalayaraq bu əməkdaşlığımızı forum çərçivəsində möhkəmləndirəcəyik.
Bu forumun bir neçə xüsusi özəlliyi var. İlk dəfə ictimai sual-cavab sessiyası keçiriləcək və burada cənab rektorlardan, şirkət rəhbərlərindən tələbələrin, gənclərin maraqlandıran suallara cavab verməsini istəyəcəyik. Bu, əslində bizim üçün çox vacib məqamdır.
Forumun açıq hissəsində süni intellekt, rəqəmsallaşmada kiber təhdidlər, kiber təhdidlərin müasir trendləri haqqında danışacağıq. Yerli kibertəhlükəsizlik məhsullarını qeyd etməyə çalışacağıq".