BAKI, 29 may. TELEQRAF
AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Ağdərə və Ağdam rayonları ərazisində genişmiqyaslı arxeoloji qazıntı və monitorinq işləri aparılıb. Tədqiqatlar zamanı bölgədə müxtəlif dövrlərə aid yeni tarixi abidələr və qiymətli nümunələr aşkar edilib.
Teleqraf xəbər verir ki, arxeoloji monitorinqlər "Azerbaijan International Mining Company Limited (AIMC)" şirkəti və aidiyyəti bərpa-tikinti xidməti ilə bağlanmış müqavilələr əsasında reallaşdırılıb.
Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında, “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində aparılan qazıntılar zamanı neolit dövrünə aid qədim yaşayış yeri tədqiq olunub. Arxeoloqlar ərazidən neolit dövrünə aid zəngin saxsı nümunələri, daş alətlər və Qarabağın qədim sakinlərinin təbii boya (oxra) tədarükü ilə məşğul olduğunu sübut edən tapıntılar aşkarlayıblar.
Bundan başqa, monitorinq zamanı kompleks yaxınlığında XI-XV əsrlərə aid orta əsr tikili qalıqları, keramika nümunələri və 3 ədəd kurqan qeydə alınıb. Həmçinin məlum olub ki, ərazidə vaxtilə mövcud olmuş qədim müsəlman qəbiristanlığı işğal dövründə erməni vandalları tərəfindən yol inşası adı ilə geniş formada dağıntıya məruz qalıb.
Növbəti arxeoloji monitorinq isə Ağdam rayonunun Göytəpə kəndi ərazisində aparılıb. Tədqiqatçılar burada İlk Tunc dövrünə aid intensiv məskunlaşma izləri və antik dövrün mədəni təbəqəsini qeydə alıblar.
Ekspedisiya zamanı Göytəpə kəndi yaxınlığındakı Eyvazxanbəyli qəbiristanlığında nadir memarlıq üslubuna malik, altıguşəli planda inşa edilmiş türbə aşkarlanıb. Üzərindəki kitabəyə əsasən, 1924-cü ilə aid olan bu türbədə Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biri — Şamil bəy Salman bəy oğlunun dəfn edildiyi müəyyən olunub.